Salam dostlar,
Bu gün sizlərə kompüterdə səsin artırılması haqqında danışmaq istəyirəm.
⚠️ Lakin məqaləni oxuyar-oxumaz bu üsulu tətbiq etməmişdən öncə çox vacib bir məsələni oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Bəhs edəcəyim üsul sadəcə zəif səsli video və ya audio-ların dinlənilməsini asanlaşdırmaq üçün istifadə edilir və yalnız istisna vəziyyətlərdə, qısa müddətlik istifadə edilməsi tövsiyə olunur. Əks halda, edəcəyəniz yanlış addım xoşagəlməz nəticələrə səbəb ola bilər — ən yaxşı halda kompüterinizdəki səsucaldıcıların, ən pis halda isə qulaqlarınızın zədələnməsinə qədər gedib çıxan nəticə ilə üzləşməyi, yəqin ki, heç birimiz istəmərik. İndi isə mətləbə keçid etmək istəyirəm.
Nə zaman istifadə olunur❓
Bəzən olur ki, çox sevdiyimiz bir filmi izləyərkən səsin zəifliyi bizi narahat edir. Və yaxud kompüterimizə yükləmiş olduğumuz video dərslikləri izləyən zaman müəllimin səsinin çox asta eşidilməsi sözləri anlamağımıza mane olur. Keyfiyyətsiz mikrofon istifadəsi, videonu qeydə alan şəxsin kompüterdən uzaq məsafədə olması və s. kimi bəzi texniki detallar video səsinin zəif olmasına səbəb ola bilər.
Çıxış yolu nədir❓
Sözügedən problemi aradan qaldırmaq üçün müxtəlif həll yolları mövcuddur. Məsələn, Linux distrolarının bəzilərində heç bir əlavə yükləmə olmadan səsi normadan (100% və üzəri) çox həddə qaldırmaq mümkündür. Lakin böyük əksəriyyətimizin istifadə etdiyi Windows əməliyyat sistemində defolt olaraq belə bir funksiya nəzərdə tutulmayıb. Onu da qeyd edim ki, geniş imkanları özündə birləşdirən bir çox video-player proqramlarında səsin 200%-ədək qaldırılmasını təmin edən funksionallıq mümkündür, buna misal olaraq VLC Player-i göstərə bilərik. Bundan başqa, səsin artırılmasında yardımçı proqramların sırasına FX Sound (pulsuz versiyası mövcuddur), Boom 3D (pulludur, sınaq müddətində pulsuz istifadə etmək olar), Letasoft Sound Booster (əvvəlki ilə eyni şərtlərlə istifadə olunur) və s. kimi proqramları daxil edə bilərik. Bunlardan həm pulsuz, həm də ödənişli versiyalar mövcuddur.
Mən nə təklif edirəm❓
Mənim danışmaq istədiyim proqram yuxarıda adı çəkilənlərdən daha sadəsidir desəm, yanılmaram. Eyni zamanda, bu həll üsulunun əsas üstünlüyü ondan ibarətdir ki, sadəcə bir proqrama (məs., VLC Player) bağlı qalmaq məcburiyyəti olmadan kompüter istifadəsi zamanı hər yerdə səsi yuxarı tonda dinləməyə imkan verir.
Niyə Equalizer APO seçmişik❓
✅Yüngül və Sürətli — Minimum resurs istifadə edir
✅ Pulsuz — Heç bir sınaq müddəti və reklamlar yoxdur
✅ Sistem Səviyyəsində Gücləndirmə— Bütün proqramlarda işə yarayır
✅ Yüksək Nizamlama — Səs üzərində həssas nizamlama imkanı yaradır
Necə yükləmək olar❓
Etməli olduğumuz addımlar aşağıdakılardır:
- Equalizer APO adlı proqramı yükləyirik (~12 MB) — YÜKLƏ
- Setup faylını işə salaraq kompüterimizin səs çıxış qurğusunu seçirik.
- Dəyişikliklərin tətbiqi üçün kompüterimizi yenidən başladırıq (restart).
- Aşağıdakı fayla daxil oluruq. Bunun üçün klaviaturada Windows və R düyməsini sıxaraq açılan kiçik pəncərədə aşağıdakı yolu daxil edib Enter vurmaq kifayətdir: “C:\Program Files\EqualizerAPO\config\config.txt”
- Son olaraq, mətn faylında Preamp sözünün qarşısındakı dəyəri istəyə uyğun olaraq dəyişib yaddaşa veririk (Ctrl+S).

DİQQƏT: Amplitudun həddən artıq yuxarı qaldırılması cihazınızın səsucaldıcısını zədələyə bilər!
(10–15 dB tövsiyə olunur)
Dəyişikliyi yadda saxlayan kimi dərhal səsdə artımı hiss edəcəksiniz. Və beləcə zəif səs tonundan qurtulmuş olacaqsınız.
Qeyd: Əgər hər dəfə mətn faylında dəyişiklik etmək sizə çətin gəlirsə, Peace Equalizer əlavəsini yükləyərək bu dəyişikliyi vizuallaşdıra və daha asan istifadə edə bilərsiniz.
Önəmli xatırlatma❗
Son olaraq bir daha bildirmək istəyirəm ki, yuxarıda bəhs olunan prosesi məqaləni diqqətlə oxuduqdan və göstərişlərə xüsusi riayət etdikdən sonra tətbiq etmək lazımdır, əks halda baş verə biləcək hər hansı xoşagəlməz hala cavabdehlik daşımırıq. Eyni zamanda, bu üsuldan hər hansı qulaqlıqda istifadə etmək qətiyyən tövsiyə edilmir. Bu həll üsulu sadəcə qısa müddətlik çətinliyin aradan qaldırılması üçün nəzərdə tutulub və uzun müddət istifadəsi kompüterinizin səsucaldıcısının və ya səs kartının istismar müddətinin azalmasına, səs keyfiyyətinin aşağı düşməsinə və ya tamamilə sıradan çıxmasına səbəb ola bilər!
Əgər məqaləni bəyəndinizsə daha çox insanın faydalanması üçün dostlarınızla paylaşmağı unutmayın.
Xoş dinləmələr! 😊